Daha 60 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub

alarm Created with Sketch. 09-02-2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ikinci “Məzun Günü” baş tutub.

Tədbirdə “Technion” İnstitutunun nümayəndə heyəti, bir sıra qurum və şirkətlərin rəsmi nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva məzunları təbrik edib və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və onun tələbələrinin ölkənin kibertəhlükəsizlik sahəsində xüsusi rolundan bəhs edib: “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məqsədi potensiallı şəxsləri kəşf etmək, onları peşəkar mütəxəssis olaraq yetişdirmək və ən önəmlisi ölkənin kibertəhlükəsizlik sahəsinə müsbət təsir göstərməkdir. Sizin rolunuz yalnız texniki bacarıqların tətbiqi, məlumatları qorumaq deyil, rəqəmsal gələcəyin memarları olaraq fərdləri və təşkilatları, bütövlükdə ölkənin rəqəmsal mühitinin müdafiəsini təmin etməkdir”.

Çıxışçılar arasında “Technion” Texnologiya İnstitununun, eyni zamanda tərəfdaş şirkətlərin nümayəndələri də yer alıb. Məzun günündə, həmçinin məzunlar kibertəhlükəsizlik isitqamətində öz layihə və ideyalarını təqdim ediblər. Tədbirdə təlim ərzində yüksək nəticə əldə etmiş məzunların və “Hackaton” qaliblərinin də mükafatlandırılması baş tutub.

Daha sonra məzun olan 60 tələbəyə tədbirə dəvət edilmiş rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib. Qeyd edək ki, ötən ilin may ayında AKM-in ikinci tədris dalğasına müraciət etmiş 2300 şəxsdən 60 nəfər bütün seçim mərhələlərini uğurla tamamlayaraq kibertəhlükəsizlik sahəsində təlim hüququ əldə edib. Tələbələr müdafiə (Blue Team) və hücum (Red Team) qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər barəsində praktiki biliklərə yiyələniblər. Xatırladaq ki, 24 iyul 2023-cü il tarixində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk 60 məzunu yola salınıb. Məzunların 75%-i özəl və dövlət sektorlarında işlə təmin olunublar.