“Technest University” layihəsi Lənkəran və Sumqayıt üzrə məzunlarını yola salıb

alarm Created with Sketch. 29-09-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Code for Future” layihəsi çərçivəsində “Technest University” tədris proqramını həyata keçirir.

Proqramın əsas məqsədi regionların inkiafına, eləcə də region universitetlərində tələbələrin əmək bazarında tələbatlı kadra çevrilmələrinə dəstək olmaqdır. Proqram çərçivəsində 22 sentyabr Lənkəran Dövlət Universiteti, 26 sentyabr Sumqayıt Dövlət Universitetində keçirilən buraxılış mərasimində ümumilikdə 118 tələbə məzun olub.

Proqram üzrə dərslər “Code Academy” tədris mərkəzi tərəfindən həyata keçirilib.

Bu il proqram üzrə Sumqayıt Dövlət Universitetində (SDU) “Web Programming Essentials” və “IT Helpdesk” ixtisaslaşmaları üzrə ümumilikdə 64 məzun, Lənkəran Dövlət Universitetində isə 54 məzun təltif olunub. Eyni proqram üzrə əvvəlki aylarda Gəncə Dövlət Universitetində (GDU) 66 nəfər məzun olub.

Qeyd edək ki, “Technest University” həm paytaxtda, həm də regionlarda İKT sahəsi üzrə təhsil alan gənclərin daha təcrübi biliklərə yiyələnməsinə və nəzəri biliklərin təcrübədə tətbiq olunmasına yönləndirilmiş bir layihədir. Layihə çərçivəsində Bakıda 200-dən çox tələbəyə dəstək olunub. 2022-2023 akademik ilində isə ilk dəfə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə sözügedən layihə regionlarda icra olunmağa başlanıldı. 3 regionda – Gəncə, Sumqayıt və Lənkəran Dövlət Universitetlərində layihə üzrə işlər aparılıb.

Agentlik hər 3 universitetdə ümumilikdə 120 kompüter olmaqla təlim, laboratoriya otaqlarının açılmasına, universitetlərin maddi-texniki baza ilə təchiz olunmasına dəstək olub. Bundan başqa bu universitetlərdə təhsil alan tələbələr “Technest” təqaüd proqramının seçim turlarından keçərək təqaüd şansı qazanıb və bir semester (dərs rübü) təhsil almaq imkanı əldə ediblər. Semesterin sonunda tələbələr ayrı-ayrılıqda final layihələri təqdim edərək tədris mərkəzinin diplomları ilə təltif olunublar.