Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi “Skills Azerbaijan 2023” kibertəhlükəsizlik üzrə milli yarışına ev sahibliyi edir

alarm Created with Sketch. 30-12-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi nəzdində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan”ın birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik üzrə “Skills Azerbaijan 2023” milli müsabiqəsinin final mərhələsinə start verilib.

Yarışlar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) həyata keçirilir. Kibertəhlükəsizlik sahəsində gənc istedadların üzə çıxarılması və yetişdirilməsi üçün keçirilən müsabiqə 17-24 yaş aralığında olan gənclər arasında baş tutur. Yarışmanın noyabr ayında aparılan ilkin qeydiyyatı zamanı 148 nəfər müraciət edib və AKM-də aparılan imtahan prosesindən sonra ümumilikdə 24 nəfər (12 “Blue team” və 12 “Red team” olmaqla) “WorldSkills” milli yarışının yarımfinal mərhələsinə dəvət edilib.

Finala keçən komandalar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təlim-tədris prosesinə cəlb olunacaqlar. Bu hərtərəfli təlim proqramı iştirakçıları beynəlxalq səviyyədə rəqabət aparmaq üçün lazım olan bacarıq və biliklərlə təchiz etmək məqsədi daşıyır. Yüksək nəticə göstərən 1 komanda 2024-cü ilin sentyabrında Fransanın Lion şəhərində keçiriləcək 80-dən çox ölkənin qatıldığı nüfuzlu beynəlxalq “WorldSkills Lyon 2024” yarışmasında Azərbaycanı təmsil edəcək.

Xatırladaq ki, “Skills Azərbaycan 2023” müxtəlif bacarıq istiqamətlərini əhatə edən gənclər arasında keçirilən milli yarışdır. Bacarıqlar arasında veb-texnologiyalar, 3D oyun sənəti, aşpazlıq, bərbər ixtisası, zərgərlik, qaynaqçı ixtisası və kibertəhlükəsizlik kimi sahələr yer alır. Kibertəhlükəsizlik üzrə “Skills Azərbaycan 2023” milli yarışı Peşə Təhsili üzrə Dövlət Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və “WorldSkills Azerbaijan” təşkilatının əməkdaşlığı çərçivəsində keçirilir.