
EHİM ictimaiyyətə geniş hesabat təqdim edib
16-03-2022
EHİM ictimaiyyətə geniş
hesabat təqdim edib
16 mart tarixində
Şamaxıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi
(EHİM) media və ictimaiyyət nümayəndələri ilə görülmüş işlərə dair hesabat
xarakterli görüş keçirib.
Qurumun fəaliyyətinin 4
illiyi münasibətilə təşkil olunan görüşdə EHİM-in direktoru Fariz Cəfərov həyata
keçirilən layihələr, istiqamətlər haqqında geniş təqdimat edib. EHİM-in
strateji hədəfləri, vizyonu və keçdiyi yoldan danışan F.Cəfərov xüsusilə ötən
il həyata keçirilmiş layihələr, mövcud layihələr üzrə inkişaf dinamikası və
statistikaları açıqlayıb.
2021-ci ildə “ASAN Login”
Vahid Giriş Sistemində videoqeydiyyat və videoyazı vasitəsilə yeni mobil nömrənin
əlavə olunması, habelə digər funksionallıqlar və xidmətlər yaradılıb. 2020-ci
illə müqayisədə 2021-ci ildə “ASAN Login”də istifadəçi sayı 32% artıb. Ən son
statistik göstəricilərə əsasən “ASAN Login”də təqribən 2,4 milyon istifadəçi
var. Hazırda “ASAN Login”ə 40 qurum və 79 sistem inteqrasiya olunub.
2021-ci ilin fevral
ayında şəxsi kabinet əsaslı elektron hökumət portalı – “myGov”un mobil tətbiqi
istifadəyə verilib.
Habelə platformaya
COVID-19 əks göstəriş, immunitet və peyvənd sertifikatları inteqrasiya olunub,
doğum və ölümün elektron qeydə alınması xidməti hazırlanaraq vətəndaşların
istifadəsinə verilib. Bununla yanaşı "myGov" mobil tətbiqinin yeni
versiyasına təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə biometrik
identifikasiya funksiyası əlavə olunub. İl ərzində “myGov”da istifadəçi sayında
əhəmiyyətli artım qeydə alınıb. 2020-ci ilə nisbətən 2021-ci ildə “myGov”da
istifadəçi sayı 81% artıb. Ən son statistik göstəricilərə əsasən “myGov”da 874
mindən çox istifadəçi var. “myGov” vasitəsilə vətəndaşlar 710 xidmətə çıxış və
21 növ bildiriş əldə edir. Həmçinin 2022-ci ilin yanvar ayında “myGov”un mobil
tətbiqi “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının (“Global Government Excellence
award”) “Ən yaxşı ağıllı mobil tətbiq” kateqoriyasının “elektron xidmətlər”
nominasiyası üzrə qalib seçilib.
Elektron Hökumət
Portalında (e-gov.az) EHİM tərəfindən aparılan optimallaşdırma işləri davam
etdirilib. 37 qurum tərəfindən 438 xidmətin göstərildiyi portalda istifadəçi
sayı 2020-ci ilə nisbətən 2021-ci ildə 7% artıb. Ən son statistik göstəricilərə
əsasən portalda istifadəçi sayı 1,367 milyon nəfər təşkil edir.
Şənlik mərasimlərinin
keçirilməsi üçün icazələrin verilməsi məqsədilə icaze.e-gov.az portalı EHİM tərəfindən
26 iyun 2021-ci il tarixindən etibarən aktivləşdirilib. Ümumilikdə, 2021-ci il ərzində
portal üzərindən 1120 şadlıq sarayı, 50 minə yaxın tədbir, 6,2 milyondan çox
qonaq qeydiyyatdan keçirilib. Hazırda portal üzərindən 1192 şadlıq sarayı, 63,8
minə yaxın tədbir, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib.
Nazirlər Kabinetinin Qərarı
ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması
məqsədilə 2021-ci ilin sentyabr ayının 1-dən istifadəyə verilmiş “CheckApp”
mobil tətbiqi üzərindən COVID-19 pasportları təqribən 10,3 milyon dəfə
yoxlanılıb.
2021-ci ilin aprel ayında
EHİM “ASAN Bridge” - Milli Məlumat Mübadiləsi Sistemini istifadəyə verilib.
“ASAN Bridge” Elektron Hökumət İnformasiya Sisteminin (EHİS-in) inteqrasiya
altsistemi olaraq dövlət informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsini,
o cümlədən həmin ehtiyatlar və sistemlər arasında dayanıqlı və təhlükəsiz məlumat
mübadiləsini təmin edir. “ASAN Bridge” üzərindən məlumatlar qarşı tərəfə şifrələnərək
ötürülür ki, bu da məlumatların təhlükəsizliyini təmin edir. 2021-ci ildə
toplam olaraq sistemdən istifadə sayı 59,5 milyon təşkil edib. Ən son statistik
göstəricilərə əsasən “ASAN Bridge”ə 71 informasiya sistemi qoşulub, ümumi
istifadə sayı 102 milyondan çox təşkil edib.
2021-ci ildə EHİM “Rəqəmsal
icra hakimiyyəti” – rih.gov.az portalını
istifadəyə verib. Portal qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal
savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin
edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin
asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və
səmərəliliyin təmin edilməsinə hədəflənib. Portal vətəndaşlara icra hakimiyyətlərində
görüş üçün onlayn qaydada müraciət etmək, təmir-abadlıq və digər önəmli hesab
edilən məsələləri aktuallaşdırmaq, icra hakimiyyətləri tərəfindən təqdim edilən
bir sıra xidmətləri elektron qaydada əldə etmək imkanı yaradır. Portala,
Naxçıvan Muxtar Respublikası istisna olmaqla bütün icra hakimiyyətləri - 77
yerli icra hakimiyyəti orqanları inteqrasiya olunub.
Vətəndaşların rəqəmsal
hökumət xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə 2, 3 və 5 saylı “ASAN
xidmət” mərkəzlərində “Rəqəmsal hökumət pəncərə”ləri yaradılıb. 2021-ci ildə
xidmətdən istifadə üçün 16 minə yaxın müraciət qeydə alınıb.
Habelə “ASAN Finans”,
“ASAN ödəniş”, “ASAN Viza”, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi
(e-Agro), Dövlət Xidmətlərinin Elektron Reyestri və digər layihələr üzrə
müvafiq optimallaşdırma və təkmilləşdirmə işləri davam etdirilib.
2021-ci ilin 26-28 aprel
tarixundə Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal
idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) mövzusunda beynəlxalq konfrans
keçirilib. 3 gün davam edən beynəlxalq konfransa 22 ölkədən 58 spiker, 19 ölkədən
900-ə yaxın unikal iştirakçı qoşulub. Beynəlxalq konfransın keçirilməsində əsas
məqsəd Azərbaycanda rəqəmsal idarəetmədə süni intellekt əsaslı texnologiyaların
tətbiqinin sürətləndirilməsi və dayanıqlılığının təmin olunması, dünya ölkələri
təcrübələri ilə tanışlıq, bu istiqamətdə yeni çağırışlar və gələcəyə baxışların
müəyyən olunması, süni intellekt ekosistemi haqqında cəmiyyətin maarifləndirilməsi,
ölkədə bu sahəyə olan marağın artırılması və təşviq edilməsi, gələcək nəsillərə
ixtisas seçimində mesajların ötürülməsidir. Konfrans çərçivəsində təşkil olunan
data müsabiqəsində 185 komanda qeydiyyatdan keçərək, iştirak edib. Yarışmanın
qalibləri pul mükafatları, sertifikatlar və hədiyyələrlə təltif olunublar.
2021-ci ilin iyul ayında
EHİM tərəfindən “Rəqəmsal Jurnalistikaya doğru” proqramının üçüncü dalğası həyata
keçirilib. Proqram çərçivəsində 20-dən çox jurnalist ölkədə həyata keçirilən rəqəmsallaşma,
bu istiqamətdə icra edilən layihələr, rəqəmsal hökumət xidmətləri haqqında ətraflı
məlumat əldə edib. Layihənin ikinci hissəsində həyata keçirilən müsabiqədə
jurnalistlər tərəfindən araşdırmalar hazırlanaraq, kütləvi informasiya vasitələrində
yayımlanıb.
Ümumilikdə 2020-2021-ci
illərdə icra edilən proqramın üç dalğasında 100-dən çox jurnalist iştirak edib.
2019-cu ilin oktyabr
ayından start götürən və hər həftənin cümə axşamı, saat 19:05-də və cümə günü,
saat 14:05 “ASAN” Radio 100 FM dalğasında efirə gedən “Rəqəmsal Azərbaycan”
radio verilişi öz fəaliyyətini 2021-ci ildə də davam etdirib. Ümumilikdə,
verilişin 113 buraxılışı efirə gedib.
Bununla yanaşı, vətəndaşların
yeni yaradılan xidmətlər haqqında KİV-lər və sosial media vasitəsilə məlumatlandırılması
davam etdirilib. Vətəndaşların istifadəyə verilən yeni xidmətlər haqqında məlumatlılığını
artırmaq məqsədilə təlimat videoları hazırlanaraq müvafiq platformalarda
yayımlanıb, rəqəmsal savadlılıq üzrə təlimlər və sorğular təşkil edilib.
EHİM daim vətəndaş müraciətlərini
araşdıraraq, sorğular keçirərək faəliyyətinin təkmilləşdirilməsi və yeni xidmətlərin
yaradılması, xidmət dizaynlarının inkişafı istiqamətində işlər görür.