Azərbaycan dili
Çağrı Mərkəzi

“MyGov”

“myGov” portalı haqqında

“myGov” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmışdır.

“myGov” qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar “myGov” portalında (www.my.gov.az) olan şəxsi kabinetlərində dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcək.

“myGov” portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir.

Portalın funksiyaları :

1. Şəxsi məlumatların vətəndaş tərəfindən əldə olunması. “myGov” şəxsi kabienti vasitəsilə vətəndaşlar öz şəxsi, maliyyə, təhsil və digər məlumatlarını əldə edə bilirlər. “myGov” şəxsi kabineti vətəndaşın məlumatlarını real rejimdə əks etdirərək vətəndaş-dövlət münasibətlərini yeni mərhələyə daşıyır.

2. Məlumatlandırma və xatırlatma xarakterli bildirişlər. Vətəndaşa dair məlumatlar yeniləndikdə, vətəndaşların sənədlərinin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı SMS, e-mail, həmçinin şəxsi kabinet vasitəsilə bildirişlər göndərilir.

3. Məlumatların digər qurumlara ötürülməsi. Vətəndaşlara dair məlumatlar yalnız vətəndaşın şəxsi kabinetinə müvafiq qurumlar tərəfindən göndərilən sorğunun vətəndaş tərəfindən təsdiqlənməsindən sonra üçüncü tərəfə ötürülür. Həmçinin vətəndaşa dair məlumatlar vətəndaşın özü tərəfindən əvvəlcədən qarşı tərəfə ötürülə bilər. Vətəndaş şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini (kabinetə giriş, giriş vasitəsi, xidmətlərdən istifadə, çıxış) izləmə imkanına sahibdir.

4. Vətəndaşın qurumlara müraciət imkanı. Şəxsi kabinet vasitəsi ilə vətəndaş öz fikirlərini, şərhlərini, şikayət və təkliflərini aidiyyatı quruma göndərə bilir. Eyni zamanda vətəndaş özü haqqında sistemdə aşkarladığı yanlış məlumatlar barədə müvafiq quruma müraciət ünvanlaya bilir.

5. Dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərdən istifadə. Hazırda sistemdə vətəndaşın Fərdi İdentifikasiya Nömrəsi (FİN) koduna uyğun olaraq onunla əlaqəli müxtəlif dövlət qurumunda olan bildirişlər, məlumatlar və digər vacib informasiyalar yerləşdirilib. Vətəndaşla bağlı digər dövlət qurumlarında olan məlumatların bu sistemə inteqrasiyası istiqamətində işlər davam etdirilir.

www.my.gov.az portalı vasitəsilə vətəndaşın şəxsi kabinetinə aşağıdakı bildirişlər göndəriləcək.


• Ümumvətəndaş pasportları, sürücülük vəsiqələri və digər sənədlərin dəyişdirilməsi zərurəti barədə bildirişlər;

• Vətəndaşlara dair məlumatların yenilənməsi barədə bildirişlər;

• Etibarnamənin hüquqi statusundakı dəyişiklik barədə bildiriş;

• Şəxsin barəsində məhkəmə prosesinin başlanmasına dair bildiriş;

• Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə bildiriş;

• Uşaqların peyvənd məlumatları haqqında bildiriş;

• İstəyə bağlı olaraq arzu olunan xidmətlər (kommunal, ödəmə və s.) barədə bildiriş;

• Sistemdəki dəyişikliklər və yeni xidmətlər barədə bildiriş;

İlkin mərhələdə vətəndaşlar “myGov” portalından aşağıdakı elektron xidmətləri əldə edilə biləcək:

• Vətəndaşların dövlət orqanlarına müraciət xidməti;

• "Elektron kənd təsərrüfatı" informasiya sistemi (4 alt sistem);

• Miqrantlar haqqında məlumat;

• Rabitə xidmətləri haqqında arayış;

• Mərkəzi Bankın elektron müraciətlər sistemi;

• Diplom haqqında məlumat;

• Tələbə-məzun dövlət elektron məlumat sistemindən çıxarış;

• Doğumun qeydə alınması xidməti;

• Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış;

• Ümumvətəndaş pasportuna dair arayış;

• Yaşayış yeri haqqında arayış;

• Ailə tərkibi haqqında arayış;

• İş yerinə dair arayış;

• Verilmiş etibarnamələr haqqında məlumat;

• Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış;

• Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış;

• Sürücülük vəsiqəsi haqqında arayış;

• Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında arayış;

• Cərimələr haqqında arayış;

• “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilən bütün elektron ödəniş xidmətləri (rüsumlar üzrə - 172 xidmət, cərimələr üzrə - 160 xidmət, kommunal xidmətlər üzrə – 5 xidmət, və digər 105 xidmət);

• Tenderdə iştirak etmək üçün elektron müraciət və s.

Digər dövlət xidmətləri vətəndaşların “myGov” şəxsi kabinetinə mütəmadi və mərhələli şəkildə əlavə ediləcək.

“MyGov” portalının “e-Gov”-dan əsas fərqi:

Bir müddət sonra “e-Gov” portalı öz yerini tamamilə “myGov”-a verəcəkdir.

1. Əsas fərq “myGov”-un şəxsi kabinet əsasında hazırlanmış ilk portal olmasıdır.

2. Daha bir fərqi qabaqlayıcı hökumət konseptinə əsaslanaraq, vətəndaş xidmətlərə müraciət etmədən belə dövlətin vaxtı çatanda vətəndaşın müraciət etməsi labüd olan xidmətlər haqqında ona bildirişlər göndərməsidir.

3. Növbəti fərqi, portalda təkcə dövlət qurumlarının deyil, özəl şirkətlərin xidmətlərinin də vətəndaşlara təqdim edilməsi olacaqdır. Beləcə, vətəndaş bütün xidmətləri, bir portaldan mərkəzləşdirilmiş qaydada əldə edəcək. Bu isə onların vaxtına və digər resurslarına qənaət etmiş olacaq.

4. Ona aid olan məlumatların hər hansı bir quruma ötürülməsi vətəndaş tərəfindən tənzimlənə biləcək;

5. Sistemdə apardığı bütün keçmiş əməliyyatları ilə bağlı məlumatları görə biləcək.